Statistik göstəricilər

Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin əsas strukturlarından biri olan Baş Mühafizə İdarəsi ictimai təhlükəsizliyin keşiyində etibarlı şəkildə duraraq, Nazirliyin struktur vahidləri ilə birlikdə cinayətkarlığa qarşı mübarizə funksiyalarını müvəffəqiyyətlə yerinə yetirir. Bəllidir ki, son onillikdə cinayətkarlar tərəfindən törədilən qanunazidd hərəkətlərin siyahısının ilk sıralarında həm vətəndaşların, həm də hüquqi şəxslərin əmlak hüquqlarının pozulması ilə bağlı olan cinayətlər durur. Bu qəbildən olan cinayətlər sırasında əsasən mənzillərdən, qarajlardan, anbarlardan maddi dəyərlərin oğurlanması yer almışdır.
Lakin obyekt mühafizə edilmək üçün Baş Mühafizə İdarəsinə həvalə edildikdə, oraya icazəsiz daxilolma ehtimalı minimuma enir. Belə ki, yalnız 2014-ci ilin 3 ayı ərzində İdarənin əməkdaşları tərəfindən 56 oğurluq hadisəsinin qarşısı alınmış, bu zaman 21 nəfər qanun pozucusu saxlanılmışdır. Ümumiyyətlə, 2009 – 2014-ci illər ərzində 445 analoji cinayətin qarşısı alınmış və 301 nəfər cinayətkar isə yaxalanmışdır.
Amma, qeyd etmək lazımdır ki, mülkiyyətçinin əmlakının mühafizəsi İdarəmizin qarşısında duran yeganə vəzifə deyildir. Belə ki, hər bir mühafizə xidmətinin əməkdaşı xidmət başında olduğu zaman hər hansı qanunazidd hərəkətin, o cümlədən, soyğunçuluq, qarət, quldurluq və əmlaka təcavüz niyyətilə hücum, avtonəqliyyat vasitəsinin qaçırılması, narkotik vasitələrin qeyri-qanuni satışı və saxlanması kimi qanunsuz hərəkətlərin qarşısını almağa hazırdır.
Bu baxımdan, 2014-ci ilin 3 ayı ərzində Baş Mühafizə İdarəsinin əməkdaşları 40 belə cinayətin qarşısını almağa və bu zaman 52 nəfər cinayətkarı saxlamağa müvəffəq olmuşlar. 2009 – 2014-ci illərdə isə 711 bu kimi qanun pozuntusunun qarşısı alınmış və 842 nəfər qanun pozucusu saxlanılaraq istintaq orqanlarına təhvil verilmişdir. Həmçinin, 2014-ci ilin 3 ayı ərzində Baş Mühafizə İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində axtarışda olan 41 nəfər tutulmuş, 391 nəfər də ictimai asayişi pozan şəxs saxlanmışdır. Həmçinin, 12 yanğın hadisəsinin qarşısı alınmışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsini DİN-nin ən mobil hissəsi adlandırmaq olar. Əla texniki təchizatı və həmçinin əməkdaşlarının yüksək professional hazırlıq səviyyəsinə müvafiq olaraq, İdarədə çalışan peşəkarlar maksimal operativ şəkildə baş vermiş cinayətin üstünü aça bilirlər. Hüquq-mühafizə tədbirlərinin keçirilməsində əldə etdiyi böyük təcrübə onun həm dövlət təşkilatları, həm hüquqi şəxslər və əhali arasında etimad qazanmasına səbəb olmuşdur.