Xidmətlər

Azərbaycan DİN Baş Mühafizə İdarəsi tərəfindən bağlanmış müqavilələr əsasında göstərilən xidmətlərin siyahısı mühafizə olunmağa təqdim edilən obyektin tipindən və İdarənin qarşısına qoyulan vəzifələrdən asılı olaraq müxtəlif təhlükəsizlik metodlarından ibarət olur.


Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Mingəçevir və Lənkəran şəhərlərində inzibati binaların, pul vəsaitləri, qiymətli metallar, narkotik vasitələr saxlanılan otaqların, qapalı ticarət obyektlərinin və digər xüsusi əhəmiyyət kəsb edən yerlərin mühafizəsi daha az maliyyə vəsaiti tələb edən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsi vasitəsilə təmin olunur. Bununla yanaşı, DİN-in Mühafizə Xidməti qeyd olunan xidmət növlərinin köməyilə vətəndaş mənzillərinin mühafizəsini də həyata keçirir.

Nazirlər Kabinetinin müvafiq sərəncam və qərarları ilə təsdiq olunmuş, ölkənin iqtisadiyyatında mühüm rol oynayan və xüsusi əhəmiyyət kəsb edən neft məhsullarının istehsal sahələri, saxlanıldığı anbarlar və nəql olunduğu kəmərlər, kimya sənayesi obyektləri, elektrik stansiyaları, su hövzələri, körpülər, muzeylər, banklar və digər həyat təminatlı obyektlər Mühafizə Xidməti tərəfindən qorunur.

Son illərdə Mühafizə Xidmətinin fəaliyyət sferası daha da genişlənmiş və əmlakın mühafizəsi ilə yanaşı, mülkiyyətçilərlə mühafizəyə dair digər xidmət növlərinin də göstərilməsinə başlanılmışdır. Belə xidmətlərə - obyektlərdə və digər yerlərdə ictimai qaydanın qorunması, respublika ərazisi boyunca daşınan əmlakın və pul vəsaitlərinin müşayiət edilməsi, diplomatik immuniteti olan şəxslərin təhlükəsizliyinin təmin olunması, siqnalizasiya sistemlərindən məntəqələrə daxil olan “Həyəcan” siqnallarına cinayət qəsdlərinin və basqınların qarşısının alınması məqsədilə naryadların göndərilməsi və s. daxildir.

Hazırda, DİN-in Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt mühafizə olunur.