MƏLUMAT
24 aprel 2018-ci il tarixdə DİN-in Baş Mühafizə İdarəsinin və Nərimanov Rayon Mühafizə İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” şüarı altında baş idarənin idman kompleksində uşaqlar, yeniyetmələr və gənclər arasında əlbəyaxa döyüş növləri üzrə respublika çempionatı keçirilib. Əvvəlcə yarış iştirakçılarını və qonaqları salamlayan BMİ-nin təmsilçisi Tural Həsənov bildirdi ki, idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir, ölkəmizin beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət alıb. Möhtərəm Prezidentimiz tərəfindən idmana göstərilən ali diqqət, paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya komplekslərinin, müasir idman qurğularının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi onu deməyə əsas verir ki, aparılan siyasətin bir hədəfi var: sağlam gənclik və sağlam gələcək. Baş idarə tərəfindən hər il idman yarışlarının keçirilməsinə diqqət çəkən T.Həsənov ötən il keçirilən idman tədbirinin aprel şəhidlərinin əziz xatirsənə, bu il isə bəşəriyyətin bəlasına çevrilən narkomaniyaya həsr olunduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, narkomaniya ilə mübarizə tədbirlərində ən başlıca şərt maarifləndirmədir. Maarifləndirmə ilə yanaşı ondan qorunmaq üçün ən gözəl üsul, mübarizə metodlarından biri isə həm də idmandır. Nərimanov RMİ-nin rəis müavini, polis polkovnik-leytenantı Səlim Salmanlı bu gün polisin də sıralarında bir çox məşhur idmançıların yetişdiyini, onların müxtəlif beynəlxalq yarışlarda möhtəşəm qələbələr qazandıqlarını diqqətə çatdırdı və gələcəyimiz olan gənclərin təkcə idmanda deyil, bütün sahələrdə bayrağımızı ucaldacaqlarına inamını ifadə etdi. Dedi ki, polisin təşkilatçılığı ilə belə yarışların keçirilıməsində əsas məqsəd gənclər arasında idmanın təbliğini genişləndirmək, nəticədə gəncləri alkoqolizm və narkomaniya kimi zərərli vərdişlərdən uzaq tutmaqdır. Yasamal Rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi də DİN BMİ-nin bu idman yarışına təşkilatçılıq etməsini idmana verilən töhfə kimi qiymətləndirdi. Beynəlxalq Əlbəyaxa Döyüş Növləri Respublika nümayəndəliyinin prezidenti, əlbəyaxa döyüş növü üzrə dəfələrlə dünya, Avropa və ölkə çempionu, Nərimanov RMİ-nin əməkdaşı Səməd İbrahimov Azərbaycanda əlbəyaxa döyüş növünün inkişafına, göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə təşəkkür etdi. Sonra torpaqlarımız uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarış dövlət himnimiz oxunduqdan sonra açıq elan olundu. Müxtəlif çəki dərəcələrində olan idmançılar güclərini sınayıb qələbə uğrunda mübarizə apardılar. Yeri gəlmişkən, tədbirdə idmana dəstək verən musiqiçi qonaqlardan Elxan Şirinovun ifaları yadda qaldı.