Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin hissələri tərəfindən mülkiyyətçilərlə bağlanılmış müqavilələr əsasında və mühafizəsi nəzərdə tutulan obyektin tipindən, yerləşdiyi ərazinin sahəsindən, konstruktor quruluşundan, orada saxlanılan əmlakın növündən, maddi dəyərindən və sair amillərdən asılı olaraq aşağıdakı mühafizə növləri tətbiq olunur:- Stasionar polis və ya mühafizəçi postları təşkil etməklə mühafizə;- Avto, moto və ya piyada marşrutlarla sektor və kvadratlar üzrə dövr edən polis və ya mühafizəçi xidmətindən istifadə etməklə mühafizə;- Mərkəzləşdirilmiş mühafizə məntəqəsinə siqnalizasiya sistemləri ilə qoşulmaqla mühafizə;-Yüklərin, pulların, qiymətli kağız və metalların polis əməkdaşı və ya mühafizəçi tərəfindən bilavasitə müşayiət edilməsi ilə mühafizə. Stasionar polis və ya mühafizəçi postları təşkil etməklə mühafizə - Xidmətin bu növündən inzibati binaların və ofislərin, zavodların, iri ticarət mərkəzlərinin, sexlərin, yanacaq doldurma məntəqələrinin, anbarların və sair bu tipli obyektlərin mühafizəsində istifadə olunur. Obyektlərin yerləşdiyi ərazinin sahəsindən və görünmə məsafəsindən asılı olaraq bir və ya bir neçə post təşkil edilir. Bir qayda olaraq postun mərkəzindən kənarlarına qədər olan məsafə 300 metrdən artıq olmamalıdır. Mülkiyyətçinin istəyinə əsasən adamların və nəqliyyat vasitələrinin giriş-çıxışı üçün nəzərdə tutulmuş yerlərdə nəzarət-buraxılış məntəqələri yaradıla bilər. Nəzarət-buraxılış məntəqələri xüsusi texniki vasitələrlə, o cümlədən avtomatik qapı və darvazalar, şlaqbaumlar, turniketlər, xüsusi detektorlar və sairlə təchiz oluna bilər. Obyektin ərazisi videomüşahidə qurğuları ilə təchiz olunaraq, görüntülərin polis (mühafizəçi) postunda yerləşdirilmiş monitorlara ötürülməsi həyata keçirilə bilər. Obyektin qapı və pəncərələri, ərazisini əhatə edən hasar, işıqlandırma sistemləri  texniki standartlara cavab verməli, yanğın təhlükəsizliyi vasitələri ilə təmin olunmalıdır. Avto, moto və ya piyada marşrutlarla sektor və kvadratlar üzrə dövr edən polis və ya mühafizəçi xidmətindən istifadə etməklə mühafizə - Xidmətin bu növü 1 km-dən 10 km-dək məsafədə sektor və kvadratlar üzrə yerləşən onlarla obyektin dövr edən polis və ya mühafizəçi naryadı tərəfindən mühafizəsinin həyata keçirilməsindən ibarətdir. Bir qayda olaraq avto-moto marşrutda xidmət aparan naryad üçün marşrutun uzunluğu 6-10 km, obyektlərin sayı 50-60, piyada naryad üçün isə marşrutun uzunluğu 2 km-dək, obyektlərin sayı 25-30 vahid olur. Birinci gəzinti zamanı obyektlərin naryad tərəfindən qəbulu üçün 1,5 saat, sonrakı yoxlamalar üçün isə 30-45 dəqiqə vaxt sərf edilir. Mərkəzləşdirilmiş mühafizə məntəqəsinə siqnalizasiya sistemləri ilə qoşulmaqla mühafizə - Xidmətin bu növü obyekt və mənzillərin siqnalizasiya sistemlərinin köməyi ilə mərkəzləşdirilmiş mühafizə məntəqsinə qoşulması və onların xüsusi monitorlarda fasiləsiz müşayəti ilə həyata keçirilir. Müasir texnikanın tətbiqi ilə yerinə yetirilən bu xidmət zamanı minlərələ obyekt eyni anda operator tərəfindən müşahidə edilir və «həyəcan» siqnalı daxi olduqda məlumat radiostansiya vasitəsilə dərhal həmin obyektə ən yaxın məsafədə xidmət aparan, avtomaşın, odlu silah, zirehli gödəkçə və digər zəruri ləvazimatlarla təchiz olunmuş polis naryadına  ötürülür. Naryad 5 dəqiqə müddətinə obyektə çatır və cinayətkar müdaxilənin qarşısını almaq məqsədilə qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirir, həmçinin zərurət yarandıqda yaxınlıqda xidmət aparan post-patrul, yol-patrul və digər naryadları köməyə çağırır, hadisə barədə ərazi polis orqanına  məlumat verir. Yüklərin, pulların, qiymətli kağız və metalların polis əməkdaşı və ya mühafizəçi tərəfindən bilavasitə müşayiət edilməsi ilə mühafizə - Xidmətin bu növü yüklərin, pulların, qiymətli kağız və metalların polis və ya mühafizəçinin müşayiəti altında respublika daxilində bir məntəqədən digərinə çatdırılmasından ibarətdir.  Xüsusi zirehli avtonəqliyyat vasitəsi ilə daşınan əmlakın mühafizəsinə cəlb edilən mühafizə xidməti əməkdaşı tabel və ya avtomat silahla, zirehli gödəkçə, qandal və sair zəruri ləvazimatlarla təchiz olunur. Respublikanın istənilən inzibati rayonunun ərazisində daşınan əmlaka cinayətkar qəsd olduqda mühafizə xidməti əməkdaşı qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirmək və ərazi üzrə hüquq-mühafizə orqanlarını köməyə çağırmaq hüququna malikdir.