Dövr edən polis və ya mülki mühafizə postlarından (avto-, moto-, piyada marşrutlar) istifadə etməklə mühafizə

Bu cür mühafizə növü bir və ya bir neçə obyekti cinayətkarların müdaxiləsindən müdafiə etmək üçün tətbiq edilir. Belə mühafizə qorunmalı ərazinin hüdudlarının 150 metrdən çox olduğu hallarda, onun ətrafında dövr etmək yolu ilə həyata keçirilir. Bu zaman mühafizə məsafəsindən asılı olaraq patrul işi həm piyada, həm də ki, avto-motonəqliyyat vasitəsilə yerinə yetirilə bilər.

Belə mühafizənin tətbiqi zamanı patrul mühafizə olunan obyektin növündən asılı olaraq vaxtaşırı öhdəliyində olan ərazini gəzir. O, bu ərazidəki bütün mühafizə olunan obyektlərin zədələnməməsinə və oraya kənar şəxslərin daxil olmamasına nəzarət edir. Hər hansı bir həyəcan doğuracaq bir vəziyyət yarandığı təqdirdə isə, patrul əməkdaşları radiokanal vasitəsilə kömək göndərmək üçün dərhal növbətçiyə zəng edir və qanun pozuntusunun aradan qaldırılması yolunda bütün müvafiq tədbirləri həyata keçirirlər.

Adətən bu metoddan obyektin gecə saatlarında qorunması zamanı istifadə edilir. Patrul metodu digər təhlükəsizlik sistemləri ilə birlikdə istifadə olunduqda və yaxud mühafizə olunan obyektin mərkəzi mühafizə pultuna qoşulmasının mümkünsüz olduğu təqdirdə də yaxşı effekt verir.