1952-ci ilə qədər Sovet İttifaqının tərkibinə daxil olan Azərbaycan Respublikasının ərazisində mühafizə xidməti göstərən xüsusi bir qurum olmadığından, hər bir idarə və yaxud nazirlik öz mülkiyyətindəki əmlakı qorumaq üçün bütöv bir gözətçi ştatı saxlamağa məcbur idi.
29 oktyabr 1952-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin “Mühafizə işçilərinin sənaye, tikinti və xalq təsərrüfatının digər sahələrində istifadə olunması, nazirlik və təşkilatların təsərrüfat obyektlərinin mühafizəsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarı verilmiş və bununla da müəssisədənkənar mühafizənin təşkilinin əsası qoyulmuşdur. Milis orqanlarının tərkibində xüsusi xidmət – müəssisədənkənar gözətçi mühafizə xidməti – yaradılmış və ticarət obyektlərinin, həmçinin bir sıra sənaye müəssisələri və təşkilatlarının mühafizəsi onlara həvalə olunmuşdur.
SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Baş Milis İdarəsinin tərkibində yaradılmış Mühafizə şöbəsi mərkəzi idarəetmə orqanı kimi fəaliyyət göstərirdi. Həmin dövrdə müttəfiq respublikaların Dövlət Təhlükəsizlik Nazirliklərində də analoji qurumlar yaradılmışdı. Müəssisədənkənar mühafizə Dövlət Təhlükəsizlik Nazirliyi sistemində qısa bir müddətdə fəaliyyət göstərmiş, 1955-ci ildən isə SSRİ DİN-in tərkibinə daxil olmuşdur. SSRİ İctimai Asayişi Mühafizə Nazirliyi təşkil olunduqdan sonra SSRİ Nazirlər Sovetinin 18 fevral 1966-cı il tarixli 129 №-li Qərarı ilə təsdiq olunmuş “Daxili işlər orqanları yanında müəssisədənkənar mühafizənin nümunəvi Əsasnaməsi”nə müvafiq olaraq Müəssisədənkənar Mühafizə İdarəsi yaradılmışdır. Dövr edən (marşrutlu) postlarda xidmət aparan gözətçi və briqadirlərin milisin sıravi və kiçik rəis heyəti ilə əvəz olunması (SSRİ Nazirlər Sovetinin 10 may 1967-ci il tarixli Sərəncamı), 1970-ci ilin sonunda isə “gecə milisi” adlanan yeni hissələrin yaradılması mühafizə xidmətinin gələcək inkişafının əsasını qoydu.
18 oktyabr 1991-ci ildə “Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul edilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, onun tərkibində olan Mühafizə İdarəsi ilə birlikdə SSRİ DİN-in tərkibindən çıxdı və suveren Azərbaycan Respublikasının müvafiq qurumuna çevrildi.
1995-ci ildən başlayaraq Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsində əhəmiyyətli dəyişikliklər həyata keçirilməyə başladı. Bu dəyişikliklər ölkənin aktiv şəkildə Avropaya inteqrasiya etməsi ilə əlaqədar idi. Belə inteqrasiya isə təbii ki, bütün sahələrdə, o cümlədən, mülkiyyətçilərin əmlakının mühafizə edilməsi kimi məsələlərdə də Avropa standartlarına çatmanı ehtiva edir.
Mühafizə xidmətində edilən dəyişikliklər çox geniş spektrli məsələlərə toxundu. Belə ki, bu zaman şəxsi heyətin hazırlıq səviyyəsindən başlamış, onların geyim formasına qədər olan bütün sahələr əhatə olundu. Ən əhəmiyyətli dəyişiklik tendensiyalarından biri də İdarədə xidmət göstərən polis nəfərlərinin mülki əməkdaşlarla əvəz edilməsi idi. Polis nəfərləri ştatının azaldılması Mülki Mühafizə Xidməti adlı strukturun yaradılması ilə kompensasiya edilirdi. Belə bir xidmətin yaradılması respublika ərazisində mühafizəyə ehtiyacı olan obyektlərin sayının artması və bununla bərabər polis əməkdaşlarının ştatının artırılmasının məqsədəuyğun olmaması zərurətindən doğurdu.