BŞBPİ: İndiyədək mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib

"Talama cinayətlərinə qarşı önləyici tədbirlərin alınmasında polis nə cavabdehlik daşıyırsa, vətəndaş da bir o qədər əmlakına qarşı münasibətdə diqqətli və həssas olmalıdır". Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib. Onun sözlərinə görə, əmlak oğurluqları ilə bağlı aparılan təhlil və araşdırmalar göstərir ki, ən etibarlı mühafizə polisinin təşkil etdiyi elektromaqnit dalğaları ilə tənzimlənən sistemdir: "Bu sistemin imkanlarından yararlanmaq üçün paytaxtın hər bir rayonunda Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin müvafiq idarə və şöbələri fəaliyyət göstərir ki, hər bir əmlak sahibi sistemin imkanlarından yararlana bilər. O ki qaldı, “bu xidmətin imkanlarından yararlanan vətəndaşların məmnuniyyət səviyyəsi ilə” bağlı sualınıza cavab olaraq bildirim ki, “YARASA-INFORMER” məlumat-texniki xidməti sutkanın 24 saatı boyunca mərkəzləşmiş qayda da o qədər təkmil təşkil olunub ki, indiyə qədər mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib. Mühafizə olunan ünvanlara sahibinin iradəsindən kənar müdaxilə edən, yaxud daxil olmağa cəhd edənlər saxlanılıblar. Mühafizə olunan ünvana qurulan sistemin imkanları o qədər geniş və əhatəlidir ki, ünvan tərk edilərkən işə salınan sistem “ani tərpəniş”ləri belə dərhal mühafizə olunan ünvandan polisə və əmlak sahibinin mobil telefonuna ötürür. Bu ötürülmə prosesi 1-3 dəqiqə ərzində polisin əməliyyat qruplarının ünvana gəlməsini təmin edir".

Arxiv

21/

09/19